Hər dəfə evə gələndə burnuma çörək qoxusu gəlirdi və mən sevinirdim ki, evimizdə yenə də çörək bişirirlər, amma həmin çörəyin dadı heç cür yadıma düşmür. Yalnız qoxunu xatırlayıram.
Bir gün kəndimizdə 77 yaşlı qoca qadın qəfil dünyasını dəyişdi. Daha sonra 34 yaşlı bir kişi… Sonra isə 15 yaşlı qız uşağı… Ölənlərin yaş fərqi təqribən iki dəfə azalırdı. Ölü doğulan bir körpədən sonra isə uzun müddət heç kəs ölmədi. Hamı qocalmağa başladı. Qocaldılar, qocaldılar və günlərin birində Amerikada qaradərili Obamanın hakimiyyətə gəldiyini eşidib bütün qocalar dəhşətə gəldi.
Həmin qocalar çörəyi təndirdə bişirirdilər. Qoxusu mənə 80 yaşında dünyasını dəyişmiş nənəmi xatırladırdı. O, həmişə deyirdi: Keçən günümüz keçib, gələn günümüz işıqlı olsun.
Həndəsə dərsindən zəhləm gedirdi. Bütün teoremləri sübut etmək lazım idi. Bir dəfə həndəsə dərsində Nazim Hikmətin “İnsan mənzərələri”ni oxuyurdum. Müəllim dedi ki, oxuduğun nədir? Dedim, bu da bir növ teoremdir, dedi, teoremdirsə isbat elə. İsbat edə bilmədim.
Elə onda bildim ki, ədəbiyyat adamları yazıqdır. Hər şeyi bilirlər, amma heç nəyi sübut edə bilmirlər.
Beləcə günlərin birində həndəsə dərsləri də bitdi, evimizdən gələn çörək qoxusu da…. İnsanlar yenidən qocalmadan ölməyə başladılar. Atam da öldü…