(Bir şeirin hekayəsi)
Bu gün sevgililər günüdür. Suya ayın əksi düşür.
Bu şəhərdə adını dəqiq bilmədiyim mavi paltarlı qadından gözəl və onun sehrbaz ərindən yazıq adam tanımıram. Hər gecə qumar oynayır və təsəvvür edə bilməyəcəyiniz qədər çoxlu pullar udur. Hər gecə özünə lazım olan kartların hamısı onun əlində cəmlənir. Qumardan qazandığı pulları qadınının ayaqları altına səpələyir. Bununla da xanımına olan sevgisini göstərməyə çalışır.
Təkbaşına tanqo oynayan və alnı azacıq tərləyən kimi viski içən mavi paltarlı qadın isə onu heç vecinə də almır. Onun əri olduğunu belə unudub. Əvəzində imkan tapan kimi kəpənəklərdən pomada hazırlayan bir kişi ilə görüşür.
Heç bir xəyanət gizli qalmır.
Sehrbaz ara-sıra bu barədə eşidəndə gecələr yaşadığı balaca şəhərin küçələrində dolaşır və qadınlar barədə düşünür… Kəpənəklərə yazığı gəlməyən bir kişini necə sevmək olar?! Hər halda bu ona lazımlı kartların hamısını bir yerə yığmaqdan daha çətin görünür. Geriyə – bütün yaşadıqlarına baxır və anlayır ki, bütün gəncliyini qarşılıqsız sevgiyə xərcləyib.
Bu gün sevgililər günüdür. Suya ayın əksi düşür.
Kişilər qadınlarına mağazalardan hədiyyələr alır…
Sehrbaz adamların arasında addımlayır. Qəribə gündür. Bu gün bilərəkdən bütün oyunları uduzub, qazana biləcəyi pulları rəqiblərinə bağışlayıb. Adamlara da nəsə bağışlamaq lazımdır. Qadınına aldığı bahalı pomadanı əlinin içində gizlədib üfürür və bir anda ovucundan havaya çoxlu kəpənəklər buraxır…