Bir gün oyanıb
Yad adamların arasından
Üzü sən tərəfə addımlayan
Qoca bir kişiyə çevrildim, Allah.
Bir əlim iflic oldu
Bir əlimi sənə verdim…
Bir üzümü saqqal basdı,
Bir üzümü sənə çevirdim.
Bir tərəfim çürümüşdü,
Bir tərəfimlə sevirdim…
Səni də, adamları da…
Hamını sevmək olmur –
Qəfil çıxıb gedirlər.
Neçəncisə ad günümdə
Badə qaldırdı dostlarım
Şərifin sağlığı belə idi:
“Olar ağlayım?”